Var-dövlət deyilən köhnə binadır,
Hər gün divarından bir daş düşəcək.
Dəmir qapının da taxta qapıya,
Deyirlər nə vaxtsa işi düşəcək.



Nankor bilə-bilə könül qıranda,
Sınar ümid adlı körpü bir anda.
Bir üzük kimidir duyğu insanda,
Kimdənsə incisə qaşı düşəcək.

Heç əcəl baxrmı ruhun nazına?
Özün tez yetirir can vağzalına.
Ümid yox həyatın nə yay, yazına,
Ömründə payızı, qışı düşəcək.

Tərəzidir gözü hər zaman elin.
Yaxşını yamandan ayırar, bilin.
Aqilin sözünə “əhsən”, cahilin...
...sözünə həmişə “əşşi” düşəcək.

Çətindi üzüağ gəzmək dünyada,
Nə yaxın, nə uzaq çatmayır dada.
Heç vaxt bel bağlama yaxına, yada,
Onsuzda baxtına naşı düşəcək.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə