Qəşəm Nəcəfzadə:
Kəndimizə şəhid gətirdilər bu səhər
Anası göyə çıxmaq istədi
Ayağından çəkdilər.
Əllərini havadan
Tabut kimi endirdilər….
Ayaqların altına.
Atası özünü qaldırıb çırpdı yerə
Elə bil ki, tabutuydu
Çiyinlərdən sürüşüb
Düşdü torpağa.
Bacıları saç-saça bağlandılar
Havalandılar
Bir az da oynadılar,
Qəşəng-qəşəng.
Gəldi nişanlısı…
Gecənin ətəyi kimi yellənə-yellənə…
Xəbəri qova-qova…
Gözünü ova-ova…
Qızı arvadlar oturtdular tabutun başında
Tabud cümlə, qiz nida!
Dedilər, ay qız, əlinə qoyulan bu xına nədi?
Ay qız, gəlinlik paltarın hanı?
Bu toyundusa, bəs aşığın hanı, gəlin? –Dedilər.
Qıza çoxlu sual verdilər
Qız nə desin?
Ancaq çiyinləri damcılar kimi atılıb düşür…
Gəldi molla
Səsinizi kəsin..ay camaat
Asi olmayın….
Söndü səslər
Lalələr kimi.
Başlandı quran
Bir hiçqırıq asta-asta atılıb düşdü… yenə
Qızın çiyinlrində…
Sonra səslər yerbəyerdən dikəldilər
Göylərə yüksəldilər.
Kənd icra numayəndəsi
Kəsin səsinizi dedi…
Təzə deyil ki, xəbər.
Hərbi komissarın başsağlığı var…
Səslər çiçəklər kimi yenə soldular.
Saralmş köhnə bir kağızdan sözlər oxudu komissar,
Sevinin dedi,
Vətən uğrunda ölən şəhidə…
O saat adamlar komissarı tanıdılar
Keçən ilki komissar…
Yənə əlində saralmış kağız.
Özü də sarıyanız…
Sonra
Icra başçısı gəlib dedilər…
Bir kisə düyü
Bir kisə yağ
Bir kisə qənd
Gətirib dedilər…
Tez ananı tabutdan ayırdılar.
Gözünün yasını “sil”- dedilər
Televiziyadan gəlibdilər
Şəklini çəkəcəklər…
Müsahibə alacaqlar
Ancaq bu görkəmdə olmaz
Saçlarını dara bir az.
Üzünün cırmaq yerinə yod basıb bir anda sağaltılar
Adını tələsik ev növbəsinə yazdılar
Işıq pulundan,
Qaz pulundan
Xilas elədilər,
Biraz gülümsə- dedilər
Arvada bir-iki söz öyrətdilər…
Axi səni televiziyaya çəkirlər.
Arvad yenə ağlayırdı,
Ağsaqqallar yerbəyerdən dedilər
Ayıbdı,
Kəndimizin adına…
Belə yaraşmaz şəhid anasına…
Ermənilər nə deyər buna?
Arvad dedi, qoyun gedim oğlumu ağlayım,
Yox- dedilər.
Bir az gülümsə…
Biri dedi, bax belə daniş
O biri dedi yox, belə danış
O elə dedi
Bu belə dedi
O qədər elədilər
Axırda arvadı güldürdülər…
Balayar Sadiq:
Şəhid anasının gülüşü,
Göz yaşında iməkləyirdi.
Səsi cırmaqlayırdı,
“Təsəlli” sözünü...
Yaşamadığı ömrünü,
qoltuğuna vurub,
Göy üzündən
Kəndimizə baxan Şəhid,
Əvvəl
anasının göz yaşlarını
eşitdi.
Sonra anasının
göy üzündə yüyürdüyünü gördü...
Qanad açdı
anasının səsinə sarı,
qanadları islandı
bu səsdən.
Sinəsinə sancılan
güllənin
qanlı qurumayan yerindən
Allahı çağırdı:
“Amandı, Allahım, qoyma,
anam
səbrindən yıxılır.
Naləsindən
dərgahın ucular birdən.
Anamın
gözləri yağır
göy üzünə.
Ucuq dərgahında
mələklərin islanar, Allahım”.
“Cənnət anaların
ayağı altındadır” –
pıçıldadı mələklər.
Və şəhid tabutunu
endirdilər,
endirdilər
ananın ayağı altına.
Tabutunun bir ucundan
şəhid özü tutdu.
Sonuncu ümid tək
girdi atasının qoluna.
İşğal olunmuş
torpaq kimi
onu bir ovuc
qaytardı özünə.
Atası
uğursuz misra kimi
boynunu bükdü,
üzündəki ağrının
təbəssümü
mələkləri üşütdü.
Şəhidin köksündəki
güllə yeri
söz tapmadı deməyə...
Şəhid atasının təbəssümü
tabut kimi
endi torpağa.
Son dəfə
salam verdi
şəhid məzarı üstə
dalğalanan bayrağa.
Sonra bacılarının
sacından
üç tel ayırd şəhid...
Ağıların,
oxşamaların üstünə sərdi.
Nişanlısının göz yaşlarını
son görüşün,
son öpüşün
üzünə səpdi.
Səpdi ki,
sevginin odu sönsün,
bir görüşün,
bir öpüşün
ömrü qədər...
Ölüm çoxdan
qaçıb getmişdi kəndimizdən.
Qorxusundan
qayıtmazdı bəlkə də...
Əgər mollanın səsi,
kəndimizin icra nümayəndəsi,
bir də
hərbi komissarın
əlindəki kağız kimi
saralmış nitq icad etməsi
olmasaydı.
Şəhid anasının naləsi
yaralı quş tək
qanad çaldı havada.
Icra başçısının gətirdiyi
bir kisə yağı,
bir kisə düyü,
bir kisə qənd
xəcalətdən yer tapmırdı...
Məmur qoxusundan
qaş-qabağını tökmüşdü
kəndimizin havası.
Kəndimizin yolları
doluxsunmuşdu “şəhid” sözünə.
Təkcə ilk qazimiz
təkqıc Məhəmməd
şəhid tabutunun başında
bayraq kimi dalğalanırdı.
Xəyal Rza:
Bir az da
göylər şərik idi
bu dərdə...
Bir az da
kəndin
yarpaqsız ağacarı...
Bir az da
yaralanmış yollar,
Sınmış pəncərələr,
Dəlik-deşik olmuş
darvazalar.
Eyni olsa da
mollalar...
əzbərlənmiş olsa da
avazlar...
Bu dərdə
hər kəs şərik idi...
Güllələr
kor olurlar,
Elə
sevginin
gözü də kordur.
Nifərtlə atılmış güllə,
Yalnız
şəhidin köksündə
sevgiyə çevrilir.
şəhid tabutunun başında
bayraq kimi dalğalanan
təkqıc Məhəmməd isə
qısqanırdı sanki
bu tamaşanı...
sacını yolan nişanlı qızı,
gülə-gülə ağlayan ananı,
kökündən qopmuş çinar kimi
beli bükülmüş atanı...
Qardaşlarına mahnı bəstələmiş
Bacıları da
elə icra başçısını da,
elə komissarın əlindəki sarı kağızı da,
elə düyünü, qəndi, yağı da...
Qısqanırdı!
Onun gəlişində
belə tamaşa olmamışdı.
Ona dəyən güllənin hörməti
bu qədər deyildi
Onun nə atası, nə anası, nə bacısı, nə nişanlısı var idi
Bu kəndə hər kəs şəhid qayıdırdı,
Təkcə o əlil qayıtmışdı
Təkcə o zəlil qalmışdı...
Molla
Götürün tabutu gedək - dedi
Buraxmaq istəmədi qadınlar
Tabutu bərk-bərk qucaqladılar
Kişilər işə düşdü...
Vaxt keçirdi
Torpaq balasını istəyirdi
Şəhidin nəşini
yerin qatına endirdilər...
ruhu
göylərdən
baxa-baxa...
Anaın
qışqırmaqdan batmış səsi
Son dəfə
“oğul” pıçıldadı...
Üzündəki
dırnaq yerlərindən
göz yaşı qədər gözəl
qan damcıları axa-axa...
Molla fatihəsini verdi...
Hər kəs əlini üzünə çəkdi...
Hərə öz evinə çəkildi
Gün doğanda
kəndi
hay-həşir bürüdü
ana
öz oğlunun
torpağını qucaqlayıb,
Ölmüşdü
"Ulduz" Jurnalının layihəsi