Hamı mənə dəli deyir!

Məzlumlara, bəd bəxtlərə acıyan,

Bəzən də ki,

Tutduğunu buraxmayan zəli deyir.

Çünki

Yağış yağarkən çətirimi tərs tuturdum.

Bax beləcə...

“Bomj”la bir yerdə mən də islanırdım.

 

Bir evsizin dərdini islanmaqla yuyurdum.

Sonra da gülümsərdim miskin, məzlum, o üzə...

İnsafən buz bağlamış təbəssümün əridər

Arıq əlin yellədər

”Dəli”- deyərdi o da mənə...

Hamı kimi gündə üç dəfə

Təpələmə yemək yemir,

Mağazadan dəbli, brend markaları,

Paltarları, çantaları,

Nə bilim daha nələri

Qarderobuma daşımıram.

Nə mədəmi, nə əynimi yükləmək istəmirəm.

Nəzərlərə “xoş gəlmək” ,

“Təriflənmək” istəmirəm.

Qorxuram ki, insanların sevə - sevə qazandığı

Biganəlik olar peşəm.

Tövbə edib gündə beş kərə namaz qılmıram.

Ocaqlara qurban verib, daşlara tapınmıram.

Vicdanımın dərzisində

Cəhənnəm xofundan ruhuma

Qorxu donu biçmirəm.

Nə gərək var? Dar gələr vücuduma.

Qorxutmuram, aldatmıram ədaləti, mərhəməti,

Onları sevdim deyə

Hamı dəli deyir mənə!...

Bu gün hava buludlu, solğun günəş batır, çıxır...

Aldadır hey bizi

Damladan az səbrimizi.

Qəqəhəm artıqca gülürəm,

Bağıraraq deyirəm:

“Ey günəş!...

Səninlə nəşələnmək, əylənmək istəyirəm!

Qaranlığı öldürmək istəyirəm!”

Budur, yenə insan qatarı....

Hər kəs təəccüblə baxır.

Sərxoş bilir, dəli deyir....

Baxa-baxa hey tələsir.

Hər baxışda biganə salxımlar şirələnir.

Ləngərləyirəm...

Səndələyirəm...

...Soyuq səki üstə duran, bapbalaca əllərini uzadaraq

Ovcunu utancaq açan

Bu yolda ilk “addımlayan”

Dilənən qızcığaza pul vermədim.

Çünki

Yanından ötüb keçən

Həmyaşıdına zillənmişdi baxışları.

Anasının – dayağının əllərindən

Bərk-bərk tutan, əsl həyat məktəbindən

Bir kəlmə də eşitməyən uzun saçlı,

Yumru, sarı donlu bir qız

əlində də oyuncağı-ayıcığı

Hoppanaraq, qayğısızca dans edərək,

Nazlanıb ötdü qarşımdan.

Arada bir ayıcığın silkələrək

Qızcığaza dönüb baxdı

Acıq verib dil çıxardı...

Dilənən çirkli məzlumsa

Gözlərilə yolu döydü

Taleyinə ürəyində Allah bilir

Necə söydü!

Hey baxdı... baxdı...

Fikrimin şah damarından

Necə qara qanlar axdı!...

Mən də ona özü kimi məsum, şirin,

Bir oyuncaq,

Bir gül aldım.

Nəşəsini yaşamayan,

Köləlikdən, aclıqdan,

Savaşlardan, susuzluqdan

Öldürülən, ey uşaqlıq!...

Göz yaşına, həsrətinə, hönkürtünə

Laqeydlik, biganəlik, eqoistlik,

Təşəxxüslər, təkəbbürlər,

Bütün dinlər qurban olsun!

Bütün dünya qurban olsun!

Yenə “sancır”, acılayır,

Hər kəs mənə dəli deyir!

Haqsızammı?!

Nə yaxşı ki mən dəliyəm.

Bu “ağıllı”, “intellektli”,

Milyonların gülüşünü, sevincini,

Bir qədəhə qurban verən,

Ruhundakı mərhəməti, insanlara

məhrəmliyi

Eqosu ilə zəncirləyən,

Parıltını gözlərinə pərdə edən

cəmiyyətdə,

Ehkamları, itaəti

mərhəmətdən üstün görən

təriqətdə,

Nə yaxşı sərsəriyəm!...

Ağlın “itirmiş” dəliyəm!....

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə