Torpaqdımı daşın kökü,
Daşın nəsli hardan başlar?
Düşünürəm, elə bəlkə
Daş dövründən gəlib daşlar.
İldırımlar qoparmayıb
Bu torpaqda bitən daşı.
İnsan yoxkən daşlar olub
Yer üzünün vətəndaşı.
Bu torpağa ömür qıyan
Bizdən əvvəl daş olubdur.
Baxıb vətənin daşına
İnsan vətəndaş olubdur…
Bir məramlı yolçulara
Nədənsə «yoldaş» dedilər.
Bir qarından çıxanlara
Nədənsə «qardaş» dedilər.
Közərtili, qızartılı
Ocaq daşı, od daşı var.
Yer üzünün daş yaddaşı,
Yaddaşların yad daşı var.
Yaman gündə sipər olub
Bu torpağın bürcü, daşı.
Həsrət çəkən iki qəlbi
Qovuşdurub elçi daşı.
Ulu babam keçmişimi
«Daş» fırçayla daşa çəkib.
Bu dünyadan gedəndə də
İnsan daşı başa çəkib…
Deməyin ki, bu daşların
Damarında qan işləməz.
Daş urzalı, urvalıdır —
Daşsız dəyirman işləməz…
Daş ömrünə bələd olub
Bu daşları daşımışıq;
Daş üstdə daş evə dönüb -
Daş içində yaşamışıq…
Şan-şöhrətli şəhərlərin
Daş naxışlı küçəsi var.
Daş köksündən bulaq çıxır,
Daşda qızıl külçəsi var…
Ömrümüzə-günümüzə
Gün calayıb daş beləcə.
Gözlərimin yaddaşında
Daş qalaydı kaş beləcə…
Heyiflər ki, belə deyil,
Belə deyil daş başatan.
Bəzən daşı gözdən salır
Çəpərimə o daş atan…
Bəzən «daşa dəyir» başım,
Bəzən çörək «daşdan çıxır».
Belə vaxtlar insan ağlı
Havalanıb başdan çıxır.
O zaman ki, daşqəlblilər
Yollarımı daşa salır,
Gecəm keçir… yuxum köçür,
Kirpiyimdən daş asılır…
İstəyirəm bu daşları
O daşlarla daşa basım —
Yolumuzda qara daşlar
Fürsət tapıb yaşamasın…