Gözlərim gəzəcək səni həmişə
İçimdə bir ümid, ölməmisən sən.
Dünən öz əlimlə dəfn eləmişəm
Bu gün axtarıram bəlkə evdəsən?
Cismin torpaqdadı, ruhun göydədi
Ölüm! Öz özündən ayrılıq cağı
Nə ruhun görünür nə cismin nədi?
Yerdəsən, göydəsən, hardasan axı?
Soyudu bədənin soyudu əlin,
Soyudun bir anın içində necə.
Bəlkə də peşmandı indi əcəlin
O da mənim kimi yatmaz bu gecə.
Kim axı yaşayıb ömürdən doyub?
Bir az narahatam, bir az rahatam
Qurduğu ocağı atasız qoyub
Öz ata yurduna qayıdır atam.
Yoruldu qollarım yenə də dözdüm
Tabutun ağırlıq saldı çiynimə
Sən getdin hər şeydən əlimi üzdüm
Yoxluğun səndən də ağırmış demə
Mən necə torpağa tapşırım səni?
Dur daha ölməyin zamanı deyil
Uşaqkən çiyninə almısan məni
Əvəzin çıxırsan indi elə bil.
Üzümdə bir gülüş, ürəkdə min qəm
Sənin həsrətinlə dostam, tanışam
Mən necə ürəkdən gülə bilərəm?
Səninçün doyunca ağlamamışam.
Sən övladlarının toyunu etdin
Əbədi gözünü yumdun həyata
Sən bizi allaha tapşırıb getdin
Biz səni torpağa tapşırdıq Ata..