Ey oğul, sözümü diqqətlə dinlə,
İnsan uca olar saleh əməllə.
Əgər ki, istəsən olasan yaxşı,
Mütləq əmələ vur ədalət naxışı.

Elmli, helimli olmağa çalış,
Qorxma sən güclüdən, onunla yarış.
Vətəni uca tut doğma anantək,
Uğrunda sinəni çək bir sipərtək.
Dürüst ol, aqil ol, ver xalqa dəyər,
Adil olan şəxsə hər kəs baş əyər.
Üzmə sən insanı, qazanma nifrət,
Bəslə ki, qazancın olsun məhəbbət.
Adil ol, insanlar batmasın yasa,
Yoxsula arxa ol, axsağa əsa.
Xeyirli işlər gör, adın ucalsın,
Sarayın xeyirdən göyə ucalsın.
İtlərə baş qoşma, itdi qoy, hürsün,
Düz get, arxandakı ibrət götürsün.
Düşün ki, incitsən əgər birini,
Əmin ol, söyəcək ölü, dirini.
İnsan heyvan deyil, yanaş hörmətlə,
Hörməti uca tut, yaşa rəhmətlə.
Qanan ol, insanlıq olsun qazancın,
Düşün ki, qanmazın olmaz qazancı.
Dost olma üzünə gülən biriylə,
Güləndə məskəndir yüzlərlə hiylə.
Dost ol, o kəslə ki, səni andırsın,
Yıxılsan, ayağa səni qaldırsın.
Dostluq bir gövhərdi hörmət andırar,
Hörmət pislikləri kökdən yandırar.
Var olsun, o dostluq adı ucadır,
Dostluq bir gənclikdir, hörmət qocadır.
Qocayla qoca ol, cavanla cavan,
Elə et haqqında çaşmasın nadan.
Vəzifə versələr düşün, qəbul et,
Qul ol ədalətə, ona xidmət et.
Yapışma stola, müvəqqətidir,
Çün o da insantək gəldi-gedərdir.
Düşünsən özünə sadə gələcək,
Əmin ol, hər zaman üzün güləcək.
Sözlərə nizam ver, aramla danış,
Natiq ol, hər yerdə qazan sən alqış.
Bacarsan uzaq ol qadın şərindən,
Dünyanı oynadar o şər məvhərdən.
Çıxarsa yoluna ürək həmdəmin,
Tələsmə qərara, olginən əmin.
Ulduza bənzəsə hər görünən qız,
Unutma günəştək parlamaz ulduz.
Sevərkən əqlinlə eylə məsləhət,
Sevərsən könlünü ver yara əlbət.
Sevgi nüvəsidir bil insanlığın,
Sevgiylə xoş olar hər an növrağın.
Dünya yaranıbdı əzəldən belə,
Məhəbbət sevinclə tutar əl-ələ.
Yaxşı bir ata ol sən də mənimtək,
Sözləri oğluna bilginən örnək.
İstəsən hər zaman yaşasın adın,
Əməl et bunlara yetsin muradın.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə