Nə gözəl yağırsan, ay yağış,
Elə bil, sevincdən bir gözəl
Ağlayır göydə
Daş üstə düşən damcılar
Xoşbəxtlik üçün gəlin
Dabanında sınan şüşə qabın
sevincini yaşadır öz ritmi ilə.
Pəncərənin şüşəsinə çırpılan
Damcılar bayıra can atan
Körpənin üzünə gülür
Divanda mürgüləyən nənəsinin
Dodağına qonan təbəssümlə.
Nə gözəl yağırsan, ay yağış
Göydə gülən o gözəlin
Gözlərindən süzülüb yerdə küsən
Mən gözəlin izlərini yuyursan…