Bölünmək
Mən dünyaya gələndə,
bütün körpələr kimi,
ilk dəfə arzularım iməklədi,
sonra özüm.
Əvvəl dizim qanadı,
sonra üzüm.
Çox sonralar bildim ki,
ayaqlarımız üstündə yerisək də,
əslində başımızın üstündə dururuq.
Otuz səkkiz il yaşadım e,
nə verdim bu həyata?
Nə verdim bu Vətənə?
Vətən oğul dedi mənə.
Güvəndi,
inandı.
İnancı,
Qarabağda sınandı.
Orda,
yurda,
hələ ki arzularımız iməkləyir,
özümüz iməkləyə bilmirik.
Yəni böyüyə bilmirik?
Hardan böyüyək axı?
Şimala, Cənuba,
Şərqə, Qərbə,
nifrət adlı hərbə,
sürükləndikcə içimiz.
Dörd yerə bölünürüksə üçümüz,
ikimizdən bir bütöv qalmaq möcüzə.
İçlər çıxdıqca üzə,
dərk edirəm,
Otuz səkiz il yox,
yüz otuz səkkiz il də bəs etməz,
öz ayaqlarımız üstə yeriməyə.
Bitmək
Adam o səsi boyda əyiləndə başlayır
Geriyə sayım.
Bilmirsən harasından quyruq qoyum,
İki alınsın.
Bir də çıxara bilmirsən bu əyintidən.
İçində çözələnirsən,
Səpələnirsən.
Onda anlayırsan közünün keçdiyini.
Özündən özünə elçiliyini
Onda eləyirsən ilk dəfə.
Bir də
Sən səmtə
Halqa- halqa ilğım axır.
Baxırsan kimsə baxır,
Çağırırsan hay vermir başının üstündəki kölgələr.
O hərfi qədər vəfasız hərf yoxdur əlifbada.
Mən sənin üçün,
Sən mənim üçün ona çevriləndə başlayır,
Bitmək.
Sevgi bayrağı
Tanrının yerdə kölgəsi insan,
Yerin paytaxtı sevgi.
Kim ki sevdi,
Allaha yüksəldi,
Yüksəltdi Allahın adını.
Tanrı göyün yeddinci qatını
İnsanın adına yaratdı.
Sevənlər oradadır hər gecə, hər səhər.
Ayaqları yerdə, başı göydə yeriyənlər,
Ortada hər şeyin əslində faniliyini bilirlər.
Bir əvvəl var, bir axır,
Əvvəldən də, axırdanda sevgi adlı çeşmə axır.
Qulaq as ürəyinin səsinə
Tupp,
Tupp...
Bu sevgi damlasıdır,
Döyür ömrün tavanından yerinə.
Ömür saniyə- saniyə
Bir misra ağ bayraq qaldırır yerin paytaxtına.
Top atılan dənizlər
Əvvəl balıqları öldü bu suların,
sonra suyu qurudu yosunların.
Bu dəniz dibindən öldü,
suların altında ağladı sular.
Daha bu dənizi içinə çəkmədi qayıqlar.
Sahildə torlar da sahibini gözləməkdən usandı.
Qağayılar da tərk etdi dənizi,
dənizin üstündə hər səhər Günəş islandı.
Sahildə silindi hər ayaq izi.
Onda anladım ki,
torpaq tapdandıqca böyüyür,
Dənizlər tor atıldıqca sevilir.
Heyif, top atılan dənizlər də var hələ...
Daha xəyalın da...
Daha xəyalın da düşmür yadıma,
Gözünün rəngini,eh, unutmuşam.
Qibləmtək bildiyim, qadın,adına,
Nə vaxtdır qəlbimdə oruc tutmuşam.
Hər gün iftarımda yoxluğun süfrəm,
Üç damcı ayrılıq üç qurtum suyum.
Sevginlə həkk olan bu ömür şifrəm,
Yad əllə açılmır hara baş qoyum?
Daha xəyalını yorğan əvəzi,
Gecələr üstümə çəkə bilmirəm.
Bu həyat, bu mənəm, bu daş tərəzi,
Ömrü sənsiz heç cür çəkə bilmirəm
Qalacam
Eşq ruhumun gecəliyi,
Soyunsam çılpaq qalacam.
Dünyaya belə gəlmişəm,
Ölüncə şıltaq qalacam.
Soyunsam eşqi əyindən,
Vallah, yıxıllam çiyindən.
Sərməstəm sevda meyindən,
Həsrətdə dağ- dağ qalacam.
Sevdiyim hər insan dünya,
Eşqlə nağıl, dastan dünya.
Bir gün solar bostan dünya,
Mən yamyaşıl tağ qalacam.
Rahat buraxın
Həyat adlı dənizdə,
Tufanlar yıxmaz məni.
Elə möhkəm çəkmişəm,
İnam adlı yelkəni.
Ümidimdi avarım,
Çəkir məni irəli.
Bu gəminin divarı,
Sevgilərin təməli.
Arzular dor ağacı,
Azsam,sevgim mayakım.
Ey,arxadakı səslər,
Məni rahat buraxın.