Oktyabr ayının 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanın Rus İcmasının təşkilatçılığı  ilə görkəmli rus şairi Sergey Yeseninin 120 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Ardını oxu...



Bir müddət öncə Azərbaycan Yazıçılar Birliyi ilə İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) arasında bağlanmış Əməkdaşlıq Müqaviləsinə əsasən qurumlar birgə fəaliyyətini uğurla davam etdirir.

Ardını oxu...

Sentyabrin 2-5-də MDB və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri yazıçılarının iştirakı ilə Moskvada “Ədəbi Avrasiya-2015” Beynəlxalq Forumu keçirilib.
“Rossiyskiy Knijnly Soyuz”  və  Rusiya Kütləvi kommunikasiyalar və Çap İşləri  Federal Agentliyinin dəstəyi ilə M. Qorki adına Ədəbiyyat İnstitutunun təşkil etdiyi, ana mövzusu “İkinci Dünya müharibəsi milli ədəbiyyatlarda” olan  forumda ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu təmsil ediblər. Foruma  Çin, Hindistan, Koreya, Monqolustan, İtaliya, Türkiyə, İran, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Belarus, Moldova, Rusiya və Rusiyanın federasiya subyektlərin tanınmış ədiblər-yazıçı və şairlər, tərcüməçi və naşirlər qatılıblar.  Forumun ilk günü, təntənəli açılış mərasimi Moskvada, məşhur Paşkovların Evi deyilən binada keçirilib. Həmin gün Rusiya Prezidentinin müşaviri V.İ. Tolstoy, Rusiya Kütləvi kommunikasiyalar və Çap Federal Agentliyinin sədr müavini Y.V.Bondarev, Dünya ədəbiyyatı İnstitutunun direktor müavini A.İ.Çaqin, “Literturnaya qazeta”nın baş redaktoru Y.M. Polyakov və başqaları çıxışlar ediblər.  Açılış mərasimində Xalq yazıçısı Anar “Azərbaycan nəsrində İkinci Dünya müharibəsi” mövzusunda geniş məruzə edib.

Tədbirin ikinci günü  M. Qorki adına Ədəbiyyat İnstitutunda Səlim Babullaoğlunun “Müasir Azərbaycanda tərcümə işinin vəziyyəti: retrospektiv və perspektiv baxış” adlı məruzəsi dinlənilib.

Əməkdaşımıza açıqlamasında Səlim Babullaoğlu qeyd edib ki, tədbir bir çox baxımdan, xüsusən əlaqələrin yaranması və gələcək əməkdaşlığın formalaşması nöqteyi -nəzərindən vacibdir. “Əlbəttə ki, istənilən format qismən siyasi məzmun daşıyır, o cümlədən, “Ədəbi Avrasiya” Forumu. Amma ədəbiyyatçılar üçün bu indiki halda o qədər də önəmli deyil. Hesab edirəm ki, bu forum şəxsən bizim mərkəz üçün yeni əlaqələrin qurulması  baxımından öz töhfəsini verəcək.  Şəxsən peşəkar kimi mənim üçün dəvətli qonaqlar arasında yalnız Yevgeni Solonoviçin Belli yaradıcılığı və onun tərcümə təcrübəsi ilə bağlı çıxışı olduqca maraqlı idi...”

Səlim Babullaoğlu tədbir boyu onları müşayiət edən Azərbaycan-Rusiya  Mədəniyyəti və Həmrəyliyi Mərkəzinə minnətdarlıq ünvanlayıb.  “Bizim işlərlə bağlı bəzi  proqramdan kənar görüşlərimiz də oldu.  Bilirsiz, Moskvada adi qaydada hərəkət eləmək çox çətin və yorucu bir işdir. Onlar bizin iş şəraitimizi xeyli dərəcədə asanlaşdırırdılar, böyük diqqətləri üçün sağ olsunlar...”
AYB.az

Prezident İlham Əliyev Xalq şairi Fikrət Qocanı təbrik edib. AYB.az xəbər verir ki, təbrikdə deyilir: 

Hörmətli Fikrət Qoca! 

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.

Siz xalqımızın söz sənəti xəzinəsinə ötən əsrin 60-cı illərindən etibarən ənənə və novatorluğun qovuşuğunda özünüzə xas ifadə tərzi ilə dəyərli töhfələr bəxş etmiş şəxsiyyətlərdənsiniz. Mənəvi ucalığa çağırışla, lirik-fəlsəfi düşüncələrlə zənginliyi əsərlərinizi geniş oxucu kütləsinə daha çox sevdirmişdir.

Azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemalarınızın gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük əhəmiyyəti vardır. Ədəbi fikir xəzinəmizdən, milli folklordan bəhrələnən yaradıcılığınız bütövlükdə ana dilimizə sevgi və ehtiramın parlaq təzahürüdür. Sözlərinizə musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmış çox sayda mahnının bəstələnməsi Sizin bədii sözün hüdudsuz imkanlarından daim ustalıqla faydalandığınızı göstərir.

Müasir ədəbi-mədəni proseslərin azərbaycançılıq məfkurəsinə uyğun istiqamətləndirilməsi işində çoxillik fəaliyyətiniz təqdirə layiqdir. Ümidvaram ki, vətəndaşlıq qayəsi ilə yoğrulan əsərləriniz hələ neçə illər bundan sonra da xalqımıza xidmət göstərəcəkdir.

Ən xoş arzularla,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2015-ci il.

AYB.az